Pandemiyanın sahibkarlara yaratdığı yeni rəqabət kriteriyaları - Azfood
 

Pandemiyanın sahibkarlara yaratdığı yeni rəqabət kriteriyaları

Ölkədə sərt karantin rejiminin yumşaldılması çərçivəsində kafe və restoranların açıq hava sahələrində müştərilərə xidmətləri bərpa edilib. Xidmətlərin təhlükəsizliyi üçün tələblər də müəyyənləşdirilib: Koronavirus infeksiyasına yoluxmanın qarşısının alınması məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmalıdır.

Azfood.az report.az-a istinadla xəbər verir ki, işçilər tibbi maska ilə təmin olunmalı və istifadəsinə nəzarət edilməli, ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı yaradılmalı, 1,5-2 metrlik ara məsafəsi qorunmalı, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməli, oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən (bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafə isə 2 metrdən az olmamalı, müştərilər xidmət obyektinə yalnız maskalarla daxil olmalı, maskası olmayan şəxslərə girişdə qoruyucu maskalar təqdim edilməli, həmçinin masa arxasında oturma halları istisna olmaqla, bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət olunmalıdır.

Necə deyərlər, müştərilər Yeni Həyat Tərzinə, sahibkarlar Yeni Fəaliyyət Qaydalarına uyğunlaşmalıdır.

Bundan başqa, bir sıra ölkələrdə də kafe və restoranların fəaliyyəti ilə bağlı konkret standartlar müəyyən olunub. Restoran və kafelər üçün sanitariya-gigiyena, məsafə, növbə gözləmə və s. əhatə edən zəruri qayda və tələblər artıq protokollaşdırılıb, hamının əməl etməsi zəruri olan normaya çevrilib. Bu cür protokollar mütəmadi olaraq qiymətləndirilir, tətbiqində rast gəlinən problemlər, dəyişikliklər nəzərə alınmaqla yenilənir…

İaşə xidmətlərində anti-pandemiya tədbirləri və yeni davranış qaydaları: Türkiyə təcrübəsi

Qonşu Türkiyədə iaşə xidməti obyektlərində zəruri tətbiq edilən qaydalar və tələblərlə bağlı əsas məqamlara diqqət yetirək. Belə ki, restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və qoruyucu maskalardan istifadə edilməsi, girişdə antiseptik məhlulların mövcudluğu kimi qaydalar Türkiyədə də tətbiq edilir.

Qardaş ölkədə kafe və restoran rəhbərləri iaşə obyektində sosial məsafə tədbirləri görməyə borcludurlar. Ümumi istifadə sahələri və oturma yeri ilə əlaqədar sosial məsafə planı hazırlanmalı, obyektin qonaq tutumu sosial məsafə planına əsasən müəyyənləşdirilməli, bu tutuma uyğun sayda qonaq qəbul edilməli və qonaq tutumu barədə məlumat obyektin girişindəki görünən yerdə yerləşdirilməlidir. Bundan əlavə, “COVID-19”a qarşı obyektdə tətbiq olunan tədbirlər və qaydaları əks etdirən lövhələr obyektin giriş salonunda və ya xarici hissəsində, qonaqlar və işçilərin onları asanlıqla görə biləcəyi yerlərdə qoyulmalıdır.

Restoranın məsul işçiləri tərəfindən mətbəxin təmizlənməsinə, dezinfeksiyasına, qida təhlükəsizliyinə ciddi fikir verilməlidir. Müştərilər masa arxasında qida qəbulundan başqa hər dəfə masadan qalxdıqda maska taxmalıdır. Bütün xidmət obyekti sosial məsafə gözləmə prinsipinə uyğun qurulmalıdır. Masada müştərilərin sayına da məhdudiyyət tətbiq olunur. Masaların yanında stul yerləşdirilməməli və masanın yanında əlavə oturma yeri formalaşdırılmamalıdır. İşçilərin və müştərilərin birbaşa qarşılaşdıqları bar masalarından istifadə edilməməlidir. Hər süfrədə əl dezinfektantı və ya odekolon olmalıdır. Açıq bufet xidməti olduqda, qonağın açıq bufet tərəfinə daxil olmasının qarşısını almaq üçün maneə qurulmalı və xidmət mətbəx işçiləri tərəfindən təmin edilməlidir.

Çay, qəhvə, içki maşınları kimi vasitələr xidmətdən çıxarılmalı və ya qonaq yalnız xidmət personalı vasitəsi ilə bu cür içkilərlə təmin olunmalıdır.

Mümkün olduğu təqdirdə, iaşə xidmətlərində tualetlərin giriş qapıları avtomatik qapı sistemi şəklində qurulmalıdır. Bu, mümkün olmadıqda, giriş qapılarının tutacaqlarını tez-tez dezinfeksiya etmək lazımdır. Müəssisədə uşaqlar üçün ayrılmış oyun otaqları fəaliyyət göstərməməlidir.

Kondisioner və havalandırma sistemlərinin filtrləri vaxtaşırı dəyişdirilməlidir.

Mümkün qədər kontaktsız, və ya nağdsız ödəniş alınmalı və post terminallar hər istifadədən sonra spirtlə silinərək təmizlənib dezinfeksiya olunmalıdır.

Zəruri qayda və tələblərin tətbiqi iaşə xidmətləri üçün həm də rəqabətlilik kriteriyasıdır

Göründüyü kimi, koronavirus hər yerdə insanlar üçün təklükə olduğu kimi, yoluxmanın qarşısının alınması üsulları da təxminən eynidir. Hər birimiz anlamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumaq, cəmiyyətimizin koronavirus təhlükəsindən daha tez, daha az itki ilə çıxması üçün anti-pandemiya qayda və tələblərinə tam məsuliyyətlə əməl etməliyik. Hava-damcı yolu ilə keçən koronavirus infeksiyasına yoluxma riski çox yüksəkdir və məhz bu yoluxmanı əngəlləmək üçün hamımız Yeni Həyat Tərzi və Fəaliyyət Qaydalarına uyğunlaşmalı, sosial məsuliyyətimizi dərk etməliyik. Qarşılıqlı nəzarət, ictimai qınaq, ictimai mənafe, sağlamlıq və təhlükəsizlik naminə tələbkarlıq prinsiplərindən çıxış etməliyik.

Sahibkarlar isə, həm də məsələnin biznes tərəfini düşünməlidirlər. Belə ki, zəruri qayda və tələblərə əməl etməyən sahibkar inzibati qaydada cərimələnməklə bərabər, iaşə xidmət obyektinin fəaliyyəti dayandırıla bilər – müvafiq dövlət qurumlarına bununla bağlı səlahiyyət verilib. Bundan əlavə, bu sahədə biznesini davam və inkişaf etdirmək istəyən sahibkar Yeni Həyat Tərzinə uyğun qayda və tələbləri tam tətbiq etməkdə maraqlı olmalıdır. Məhz belə olarsa, kafe və ya restoran təmizkarlığı və təhlükəsizliyi ilə tanınar, müştərilərinin sayı artar, biznesi inkişaf edər.

Unutmaq lazım deyil ki, zəruri tələblərə və qaydalara əməl olunması həm də necə deyərlər, təmizlik və yeni xidmət standartları formalaşdırır.

Bu baxımdan post-pandemiya dövründə –  sərhədlərin açılacağı, beynəlxalq gediş-gəlişlərin çoxalacağı halda xarici turistlər, təhlükəsiz və standartlara əməl edən kafe və restoranlara üz tutacaq. Bu cür kafe və restoranlara isə onlar yerli iaşə obyektlərini yaxşı tanıyan taksi sürücüləri, turizm bələdçiləri istiqamətləndirəcəklər. Elə isə, indidən təhlükəsiz və təmizkar imici qazanmaq lazımdır ki, post-pandemiya dövrünə “üzüağ” kafe və ya restoran kimi çıxasan…

Bir sözlə, koronavirus həm də, iaşə xidmətləri üçün dövrün çağırışıdır, bu çağırışa nə dərəcədə adekvat cavab verilməsindən asılı olaraq kafe və restoranlar uğurlu gələcəklərini özləri formalaşdıracaqlar…

Məlumata görə, aidiyyəti qurumlar tərəfindən zəruri qayda və tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunur. Mövcud tələblərə əməl edilməməsinə görə qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Nəzarətin əsas məqsədi isə, cərimələmək deyil, qaydalara əməl olunmasını təmin etməkdir. Qaydalara isə əməl etmək lazımdır, cərimələnməmək xatirinə deyil, sağlamlığımız üçün.

Səma Fərzəli

Next Post

Daha 227 sahibkarlıq subyekti sanitariya-gigiyena tələblərini pozub

Şb Avq 22 , 2020
Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət monitorinqləri davam etdirilir. Azfood.az report.az-a istinadən bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, nəzarət tədbirləri zamanı Nəsimi rayonunda “Ağ Çiçəyim” gül mağazasında, “Oliqarx Butik” mağazasında, “Şəki Xan Kafe”də, “İnab Kafesi”ndə, “Kövsər Dönər“də “Aptek 72”də, Xaqan Muradova məxsus […]