Astarada əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur - Azfood
 

Astarada əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur

Son illər Astara rayonunda ənənəvi təsərrüfat sahələri olan çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Sututarlara yaxın ərazilərdə və çay vadilərində çəltik, rayonun dağlıq ərazisində meşə ilə örtülü olmayan torpaqlarda isə sitrus bitkiləri əkilib.

Rayonun 4519 hektar əkin sahəsini suvarma suyu ilə Astara Suvarma Sistemləri İdarəsi təmin edir. Sahələrin suvarılması üçün əsasən 4 su mənbəyindən istifadə edilir – Astaraçay, Pensərçay, Lovayın su anbarı və Xanbulançay su anbarı.

AzFood.az bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Astara Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov bildirib ki, əkin sahələrinin suvarılmasında heç bir problem yaşanmır. Onun sözlərinə görə, rayonun əsas suvarma mənbəyi olan Lovayın su anbarının ümumi həcmi 6,3 milyon kubmetr, suvarma sahəsi isə 1700 hektardır. Kijəbə qəsəbəsindəki və Şüvü kəndindəki sitrus bağları və çay sahələri bu su anbarı vasitəsilə suvarılır. Müəyyən ərazilərdə çəltik sahələrinin suvarılmasında nasos stansiyasının imkanlarından istifadə edilir.

Rayonda meliorasiya sahəsində görülən işlər çərçivəsində Lovayın su anbarının, eləcə də Şüvu-Lovayın kanalının beton üzlüyü tamamilə dəyişdirilərək yenilənib. İdarə rəisi əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün görülən işlərdən danışarkən deyib: “Sututarlarında sıradan çıxmış borular yenisi ilə əvəz olunub. Şüvü və Ojakəran ərazisini suvarma suyu ilə təmin edən boru kəmərinin 30 poqonmetr hissəsi, Kijəbə qəsəbəsində isə 71,5 hektar çay plantasiyasında qapalı şəbəkələrdə cari təmir işləri görülüb, sıradan çıxmış 25 hidrant və səyirtmə yenilənib. Çayoba, Pensər və Kakalos kəndlərinin ərazisində olan qapalı su şəbəkələrində də cari təmir işləri görülüb”.

Rayonda əkin sahələrinin və evlərin sel sularından mühafizəsi üçün də müvafiq tədbirlər görülüb. Pensər çayı üzərində sahilbərkitmə işləri aparılıb, istinad divarları tikilib. Pensərçayın Vaqo kəndi ərazisində 195, Pensər kəndi ərazisində 70, Şiyəkəran kəndi ərazisində 120, Binəbəy kəndi ərazisində isə 150 poqonmetr sahil-bərkitmə bəndi tikilib. Rayon ərazisində 84 min 400 poqonmetr ərazidə kanallar lildən təmizlənib və bu istiqamətdə işlər davam etdirilir.

Hazırda rayonun çay plantasiyaları, çəltik sahələri, sitrus bağları, otlaq sahələri vaxtaşırı olaraq qrafik əsasında suvarılır.

Fermerlər və təsərrüfat sahibləri əkin sahələrinin suvarılmasında artezian quyularından da istifadə edirlər. Son illər Astarada 8 artezian quyusu qazılaraq istifadəyə verilib. Bu il isə Təngərüd və Şuvaş kəndlərinin hər birində bir ədəd artezian quyusunun qazılması nəzərdə tutulur.

AzFood

Next Post

Normal arterial təzyiqin göstəriciləri dəyişilib, belə olub

Ca Avq 20 , 2020
Hipetoniyanın müalicəsi üzrə Avropa birliyi və Avropa kardioloqlar cəmiyyəti normal təzyiqin yeni göstəricilərini təqdim edib. AzFood.az European Heart Journal-a istinadla xəbər verir ki, artıq normanın ən yüksək göstəriciləri 130/80 mm.c.st-a sayılacaq. Yəni təzyiq bu rəqəmlərə çatdıqdan sonra onu artıq aşağı salmaq lazımdır. Bundan əvvəl belə hesab olunurdu ki, təzyiq 140/90 […]