İctimai iaşə fəaliyyətilə məşğul olan sahibkarlar bunlara əməl etməlidir

İctimai iaşə fəaliyyətilə məşğul olan sahibkarlar istehlakçı hüquqlarının qorunmasına xüsusi diqqət etməlidirlər.

Azfood.az mövzu ilə bağlı əhatəli yazı təqdim edir.

“İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununda istehlakçıların aşağıdakı hüquqları təsbit edilib:

Malları (işləri, xidmətləri) və onların istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək;

İstehlak olunan malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq;

Malların (işlərin, xidmətlərin) miqdarı (çəkisi), çeşidi, mənşəyi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün informasiya əldə etmək;

Keyfiyyətsiz malları (işləri, xidmətləri) geri qaytarmaq və onların vurduğu zərərin obyektdəki satıcısı, yaxud da onun istehsalçısını tərəfindən ödənilməsini tələb etmək;

Öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək;

Qeyd olunan Qanunda, eləcə də “Yeyinti məhsulları haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunlarında və digər normativ hüquqi aktlarda subyektlərin qarşıssında bir sıra vəzifələr qoyulmuşdur. Qanunvericilikdə müəyyən edilmiş bu vəzifələri yerinə yetirmək üçün aşağıdakılara əməl edin:

Məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin edin

Hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında analizlərdən keçirilməsini təmin edin və nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirir;

Ərzaq xammalını, köməkçi materialları, hazır malları obyektdə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları) əsasında qəbul edin;

İctmai iaşə obyektlərində məhsulun hazırlanması və digər məqsədlər üçün qannvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verən isti və soyuq suyun olmasını təmin edin;

Obyekti zəruri olan cihaz və avadanlıqlarla təchiz edin

İctimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekti soyuducu və digər zəruri avadanlıqlarla təchiz edin;

Müştərilərə yüksək səviyyədə xidmət göstərmək və onların rahatlığını təmin etmək üçün obyekti zəruri olan vasitələrlə və avadanlıqlarla (mebel, qab-qacaq, alətlərlə və s.) təchiz edin;

Xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sisteminin qurulmasını təmin edin;

İş günün sonunda yığılmış zibil və məişət tullantılarını uzaqlaşdırmaq üçün obyekti lazımi sayda və zəruri tələblərə cavab verən zibil qabları, eləcə də kanalizasiya sistemi ilə təchiz edin;

Malların saxlanması, daşınması və satışa qoyulması zamanı tələblərə əməl edin

ərzaq xammalının, köməkçi materialların və hazır məhsulların anbarda və xidmət zalında vitrində və ya soyuducu kameralarda müvafiq temperatur rejimlərinə uyğun müddətlərdə saxlanmasını təmin edin;

istifadə olunan xammalı və hazır məhsulları eyni yerdə saxlamayın;

obyekt işə başlamazdan əvvəl müştırilərə lazımi qaydada xidmətin göstərilməsini təmin etmək üçün bütün hazırlıq işlərini aparın. Hər gün işə başlamazdan əvvəl ərzaq xammalının, hazır məhsulların saxlanma və yararlılıq müddətlərinin ötüb-ötmədiyini yoxlayın. Saxlanma və yararlılıq müddətləri ötmüş məhsulların müvafiq qaydada məhv edilməsi və ya zərərləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirin.

Müştərilərə ictimai iaşə məhsulları və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verin

Göstərilən xidmətlərin düzgün seçilməsi məqsədi ilə istehsalçıya aşağıdakılara dair məlumatların obyektin mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmasını təmin edin:

Xidmətlərin siyahısı və icra şərtləri;

Xidmətlərin qiymətləri və ödəniş şərtləri;

Təklif olunan iaşə məhsullarının hazırlanma üsulları;

Təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri;

İaşə məhsullarının hazırlanmasında istinad olunan normativ sənədlər barədə məlumat və s.

İstehlakçıya müvafiq məlumatların Azərbaycan dilində, zəruri hallarda isə xarici dillərdə verilməsini təmin edin;

İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatların verilməsini təmin edin;

Müştərilərlə hesablaşmalarda tələblərə əməl edin

İctimai iaşə obyektlərində müştərilərlə hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərimiş hesabı təqdim edin;

İcraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtlərini, o cümlədən qiymətləri (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edin;

Xidmət işçilərini fəaliyyət sahəsindən və işin xüsusiyyətlərindən asılı olaraq təmiz iş paltarları (önlük, papaq, əlcək və s.) ilə təmin edin;

İctimai iaşə məhsullarının hazırlanmasını və xidmətin göstərilməsini həyata keçirən işçilərin xüsusi hazırlıqlı olmalarını və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada tibbi müayinələrdən keçmələrini təmin edin.

İşçilərə məxsus sağlamlıq kitabçalarını iş yerində saxlayın;

İşə qəbul edilən işçilərlə əmək müaviləsi bağlayın;

Əvvəlcədən sifariş üzrə göstəriləcək xidmətin icra müddəti pozulduqda və ya keyfiyyətsiz yerinə yetirildikdə istehlakçının hüquqlarını təmin edin.

Əvvəlcədən sifariş üzrə göstəriləcək xidmətin icra müddəti pozulduqda və ya keyfiyyətsiz yerinə yetirildikdə istehlakçı icraçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

Sifarişin icrası üçün yeni müddətin müəyyən edilməsini;

İcraçının hesabına (istehlakçını qane edən müddətdə) nöqsanların aradan qaldırılmasını və ya müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun hazırlanmasını, yaxud onun digə məhsulla əvəz olunmasını;

Xidmətdən imtina edilməsini;

İcraçı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının yuxarıda göstərilən tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur;

İstehlakçının müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun hazırlanması, yaxud onun digər məhsulla əvəz olunması tələbini məhsul olduqda dərhal yerinə yetirin.

Lazımi keyfiyyətdə olmayan məhsul eyni növdə (çeşiddə) keyfiyyətli məhsulla əvəz edilərkən və ya yenidən hazırlanarkən qiymət dəyişərsə, istehlakçıdan qiymət fərqinin ödənilməsini tələb etməyin;

Məhsulların əvəz olunması ilə əlaqədar istehlakçıya deyən zərərin tam həcmdə ödənilməsini təmin edin.

AzFood

Next Post

Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir

Şb Sen 14 , 2019