Son dövrlər müşahidə olunan qeyri-sabit hava, xüsusilə də yağıntıların normadan artıq olması kənd təsərrüfatı sahəsində ciddi narahatlıqlar yaradır. Ardıcıl və intensiv yağışlar torpağın strukturuna təsir göstərərək məhsuldarlığın azalmasına, əkin sahələrinin zərər görməsinə və fermerlərin iqtisadi itkilərlə üzləşməsinə səbəb ola bilər.
Bəs intensiv yağışlar kənd təsərrüfatına konkret olaraq hansı zərərləri vurur? Bu proses yay aylarında bazar və marketlərdə kənd təsərrüfatı məhsullarının qiymətlərinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı News24.az-a açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, son dövrlərdə Azərbaycan ərazisində həddindən artıq yağışlar kənd təsərrüfatına bir neçə istiqamətdə zərər verə bilər: “Torpağın həddindən artıq nəmlənməsi bitkilərin kök sisteminin çürüməsinə, məhsuldarlığın azalmasına və bəzi hallarda sahələrin tam yararsız hala düşməsinə səbəb olur. Yağışlar eyni zamanda əkin və biçin proseslərini gecikdirir, texnikanın sahələrə daxil olmasını çətinləşdirir. Bundan əlavə, rütubətli mühit xəstəlik və zərərvericilərin yayılmasını sürətləndirir ki, bu da məhsul itkisini daha da artırır”.
Onun sözlərinə görə, belə hava şəraiti xüsusilə tərəvəz, meyvə və taxıl məhsullarına təsir göstərir: “Kartof, soğan, pomidor kimi məhsullarda çürümə və keyfiyyətin aşağı düşməsi müşahidə oluna bilər. Taxıl sahələrində isə məhsulun yığımı gecikərsə, itkilər artır və keyfiyyət zəifləyir. Bu cür problemlər bazarda təklifin azalmasına gətirib çıxara bilər.
Nəticə olaraq yay mövsümündə bəzi kənd təsərrüfatı məhsullarında qiymət artımı və lokal qıtlıq ehtimalı mövcuddur. Xüsusilə tez xarab olan və yerli istehsaldan asılı məhsullarda bu daha çox hiss oluna bilər”.
Akif Nəsirli sonda qeyd edib ki, qiymət artımının miqyası həm də idxal imkanlarından və ölkədəki mövcud ehtiyatların səviyyəsindən asılı olacaq.

