Paytaxtın Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bravo” mağazalardan birində eyni məhsulun qısa zaman ərzində fərqli qiymətlə satılması istehlakçının diqqətini çəkib.
AzFood sosial şəbəkə paylaşımına istinadla xəbər verir ki, alıcı tərəfindən təqdim edilən satış çekində eyni kodla qeyd olunan məhsulun əvvəlcə 1 manat 01 qəpik, daha sonra isə 1 manat 02 qəpik qiymətlə hesablandığı görünür. Söhbət 224454 kodlu məhsuldan gedir və eyni alış zamanı bu cüzi, lakin diqqət çəkən qiymət fərqi qeydə alınıb.
Məsələ ilə bağlı qeyd olunur ki, bu kimi uyğunsuzluqlar texniki səhv və ya sistem yenilənməsi ilə əlaqəli ola bilər. Lakin mütəxəssislər vurğulayır ki, istənilən halda alıcıya təqdim edilən qiymət dəqiq və sabit olmalıdır. Eyni məhsulun bir neçə dəqiqə fərqlə başqa qiymətə satılması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Bəlkə də 1 qəpik cüzi məbləğ kimi görünə bilər. Lakin gün ərzində yüzlərlə müştərinin hərəsindən 1 qəpik artıq hesablandıqda çox ciddi rəqəm olur.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


