«Hər meyvənin öz yetişmə mövsümü var. Mövsümündə yetişən meyvələr adətən daha yaxın məsafədən gətirilir, daha az müddət saxlanılır və həm dad, həm də qida dəyəri baxımından daha üstün olur. Mövsümi olmayan meyvələr isə çox vaxt süni şəraitdə yetişdirilir və uzun müddət saxlanılır. Bu isə onların yalnız dad və təravətini deyil, biokimyəvi tərkibini də dəyişə bilər”.
Bunu 525.az-a qida eksperti Asim Vəliyev bildirib. Onun sözlərinə görə, saxlanma müddəti artdıqca bəzi vitaminlərin miqdarı azalır, daşınma və depo şəraiti isə qida sıxlığının aşağı düşməsinə səbəb olur:
“Belə məhsulların yetişdirilməsi zamanı daha çox funqisid və insektisid istifadə oluna bilər. Bəzi hallarda meyvələrin nəm itirməməsi üçün üzərinə nazik qoruyucu örtük çəkilir. Etilen qazı təbii yetişmə prosesinin bir hissəsi olsa da, bazar şəraitində yetişməni sürətləndirmək və tənzimləmək üçün də tətbiq olunur. Bu maddələrin uzunmüddətli və həddindən artıq qəbulu endokrin sisteminə mənfi təsir göstərə və qaraciyərin toksinləri zərərsizləşdirmə yükünü artıra bilər. Xarici görünüşcə cəlbedici olan bu meyvələrin bioloji dəyəri isə bəzən gözləniləndən aşağı olur”.

