Həkim məsləhəti

Həkim uşaqların niyə tərəvəzləri sevmədiyini açıqladı

Həkim uşaqların niyə tərəvəzləri sevmədiyini açıqladı

Bir çox valideyn üçün tanış mənzərədir: süfrəyə sağlam tərəvəz yeməyi qoyulur, amma uşaq yalnız alma və ya banan istəyir. Sosial şəbəkələrdə ideal “brokkolili boşqablar” göstərilsə də, reallıq çox vaxt fərqli olur. AzFood RBK-Ukrayna-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı uşaq dietoloqu açıqlama verib.

Məşhur britaniyalı dietoloq Lucy Upton valideynlərə sadə mesaj ünvanlayıb: “Narahat olmayın”.

Mütəxəssisin sözlərinə görə, uşaqların meyvəni sevib tərəvəzə laqeyd yanaşması geniş yayılmış haldır və bu, ciddi problem sayılmamalıdır.

Meyvə tərəvəzdən geri qalmır

Sosial mediada formalaşan fikrə görə, guya meyvə yalnız şəkər mənbəyidir, əsas fayda isə tərəvəzlərdədir. Lakin dietoloq bildirir ki, meyvə və tərəvəz eyni qida qrupuna təsadüfi daxil edilməyib.

Onların tərkibində oxşar vitaminlər, antioksidantlar və lif mövcuddur. Əgər uşaq kifayət qədər meyvə yeyirsə, çox zaman lazım olan mikroelementlərin böyük hissəsini məhz oradan alır.

“Şəkər təhlükəsi” mifdir

Mütəxəssis meyvədəki şəkərlə bağlı qorxuların şişirdildiyini deyir. Bu, təbii şəkərdir və böyümə dövründə olan uşaqlar üçün enerji mənbəyidir.

Uşaqların enerji baxımından zəngin qidalara meyl etməsi təbiidir. Çünki onların beyni və orqanizmi sürətlə inkişaf edir və daimi “yanacaq” tələb edir.

Valideynlər nə etməlidir?

Dietoloq tərəvəzləri menyudan çıxarmağı tövsiyə etmir. Əksinə, onları süfrəyə qoymağa davam etmək, amma təzyiq göstərməmək lazımdır. Uşağa yeni dad və görünüşə alışmaq üçün zaman verilməlidir.

Mütəxəssislər vurğulayırlar ki, uşaq tərəvəzə alışana qədər meyvə onun immun sistemini və ümumi sağlamlığını dəstəkləmək üçün kifayət qədər faydalı ola bilər.

Oxşar xəbərlər