Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!

Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!

“Real yoluxma sayı açıqlanan rəqəmlərdən-test edilənlərdən onlarla dəfə çoxdur! Yəni real yoluxma sayı artıq demək olar ki, on minlərlədir! Ehtiyatlı olaq! Özümüzü qoruyaq! Qaydalara əməl edək! Demək ki, görünməyən düşmən çox təhlükəlidir!

AzFood xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, son günlərdə ölkəmizdə koronavirus sürətlə yayılmaqdadır:

“İctimai nəqliyyatda çox sıxlıqlar var, inzibati nəzarət və aidiyyəti qurumların nəzarəti zəifdir, bütün bunlar düzdür, haqlı iradlardır. Amma gəlin görək biz bir vətəndaş kimi öz üzərimizə düşəni edirikmi? Mənim müşahidələrimə görə yox, etmirik. Qapalı məkanlarda hamımız maska taxırıqmı? Yox! Qapalı və açıq məkanlarda hamımız ara məsafəsi saxlayırıqmı? Yox! Əl tutub görüşənlər varmı? Bəli! Öpüşənlər varmı? Bəli! Qucaqlaşanlar varmı? Bəli! Yas yerlərinə toplaşanlar çoxdurmu? Bəli! Əl gigiyenasına riayət etməyənlər varmı? Bəli! Dezinfektantlardan istifadə etməyənlər varmı? Bəli! Açıq-aşkar xəstəlik əlamətləri ilə- qızdırma, öskürək, halsızlıq və s. əlamətlərlə işə gedənlər, cəmiyyət arasına çıxanlar varmı? Bəli, öz də çox. Xəstəlik əlamətlərini gizlədənlər varmı? Bəli, çox. Yaxşı, deyək ki, ictimai nəqliyyatla, maskalarla insanları yetəri qədər təmin etmirlər, doğrudur, razıyam. Bəs özümüzün edə biləcəklərimizi etməməyimizin adı nədir? Bu, bizi məhv edə bilər! Lütfən diqqətli olaq! İctimai nəzarəti özümüz etməliyik! Yetəri qədər etmirik, etiraf edək! Qapalı məkanlarda maska geyinməyənlərə irad tutaq, geyinməsini tələb edək! Ara məsafəsi saxlamayanlara, əl gigiyenasına əməl etməyənlərə, xəstə olduqları halda cəmiyyət arasına çıxanlara irad tutaq! Yas yerlərində toplaşmayaq! Yalnız bu halda yoluxma sayının azalmasına nail ola bilərik! Ən azı vaksin tapılana qədər bunları edək!”

Aydın Əliyev hər kəsin yerinə yetirməli olduğu qaydaları sadalayıb:

1. Qapalı məkanlarda maska geyinmək vacibdir!

2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!

3. Əllə görüşmək olmaz!

4. Qucaqlaşmaq olmaz!

5. Öpüşmək olmaz!

6. Yas yerlərinə getmək olmaz!

7. Qızdırmanız-hərarətiniz varsa, bayıra çıxmaq olmaz!

8. Qızdırmanız varsa, poliklinikanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!

9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun sistemini zəiflədir!

10. Öz yanınızdan-özbaşına hər hansı müalicə, sistem və dərman preparatı qəbul etməyin!

11. Koronavirus xəstəliyi qorxulu deyil, qorxmayın!

12. Uşaqlar, yeniyetmələr və gənclər 99% hallarda COVID-19 xəstəliyini yüngül keçirir.

13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə- qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!

14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimisə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!

15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezinfektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!

16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.

17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!

18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq! (Publika.az)

AzFood

Next Post

Erkən yaşlanmanın qarşısını almağın yolu açıqlanıb

C Noy 20 , 2020
Kosmetoloq Stanislav Arkannikov insanın dərinin qocalmasının qarşısını almaq üçün hansı vitaminlərə ehtiyacı olduğuna aydınlıq gətirib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, dərinin üç vitaminə – A, E və C-yə ehtiyac duyan qeyri-adi xarici örtük qatı olduğunu bildirib. A vitamini və ya retinol hüceyrələrin regenerasiyasından məsuldur. Onun sayəsində kollagen və elastin ifrazı […]
Erkən yaşlanmanın qarşısını almağın yolu açıqlanıb