Yulaf yarması (qerkules) sıyığı – Sıyıqlar

Yulaf yarması (qerkules) sıyığı – Sıyıqlar

Yulaf yarması sıyığı bir çox Avropa ölkələrində ənənəvi səhər yeməyi sayılır.

Bunun çox dərin mənası var. Yulaf yarması sıyığı buterbrod və digər səhər yeməkləri ilə müqayisədə yüngül qidadır. Lakin bu sıyığın tərkibində yüksək enerji və qida dəyəri olan karbohidratlar var ki, bu karbohidratlar orqanizmdə daha gec qlyükozaya çevrilir. Bunun nəticəsində insan daha uzun müddət ərzində toxluq hiss edir və fəal olur.

Yulaf yarması müxtəlif vitaminlər (B qrupu, E, PP və s.) və mineral maddələrlə (kalium, dəmir, kalsium, maqnezium, fosfor və s.) zəngindir. Yulaf yarmasının tərkibində nadir fol turşusu var. Fol turşusu hamilə qadınlar üçün xüsusilə vacibdir, bu maddə döldə inkişaf pozulmaların riskini azaldır.

Yulaf yarması sıyığı həzm proseslərinə çox müsbət təsir edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu sıyığı müntəzəm olaraq yeməlidir. Bu halda onların bağırsaqları daha yaxşı işləyəcək.

Sıyıq mədənin selikli qişasına iltihabəleyhinə təsir edir, eroziya və xoraların tez sağalmasına kömək edir.

Bundan əlavə bu sıyıq bizim bağırsaqlarımızda yığılan müxtəlif zərərli maddələri (toksinlər, şlaklar və s.) orqanizmdən çıxartmağa kömək edir, “pis” xolesterinin səviyyəsini aşağı salır.

Yulaf yarması sıyığının tərkibində olan B qrupu vitaminləri və aminoturşular insanın sinir sistemi üçün çox faydalıdır.

Yulaf yarmasının tərkibində olan maddələr həmçinin ürək-damar sisteminin vəziyyətinə də çox müsbət təsir edir.

Şəkərli diabet, mədə-bağırsaq sistemi xəstəlikləri, qara ciyər xəstəlikləri zamanı yulaf yarması sıyığı əsl müalicəvi təsir edir.

Dadlı yulaf yarması sıyığı bişirmək üçün təqdim etdiyimiz reseptdən istifadə edin.

Lazım olan məhsullar:

– süd (su da istifadə etmək olar, lakin südlə bişirilmiş sıyıq daha dadlı və faydalıdır) – 1 stəkan,

– yulaf yarması (yarmanın özünü və ya “herkules” lopalarından istifadə etmək olar) – 1/2 stəkan,

– şəkər tozu və duz – zövqə görə (qəhvəyi şəkər tozundan istifadə edə bilərsiniz, bu şəkər tozu daha faydalıdır),

– kərə yağı.

Hazırlanma:

1. Qaynayan südə yulaf yarmasını tökün və qarışdıra-qarışdıra vam odd 5 dəqiqə ərzində bişirin.

2. Hazır sıyığa kərə yağı, duz və şəkər əlavə edin.

3. Sıyığa zövqə görə bir neçə qaşıq kəsmik və ya bal, təzə meyvə (və ya meyvə quruları), qoz-fındıq əlavə oluna bilər. Bu sıyığı daha faydalı edəcək.

Nuş olsun!

Nərminə Novruzova

Next Post

Pnevmoniyanın sovrulub sağalmasına mane olan səbəblər

C Okt 30 , 2020
Koronavirus ağciyərlərdə pnevmoniya yaradır. Pnevmoniya ağciyər və alveolların iltihabı olub, müalicə ilə sağalsa da, orqandan tam sovrulması üçün zaman lazımdır. AzFood Medicina.az-a istinadən xəbər verir ki,bəzən müalicə düzgün aparılsa da, pnevmoniya qalıqlarının tam sovrulması gec olur, bu da xəstəyə əlavə simptomlar yaradır Pnevmoniya ən azı 1,5 – 2aya tam sovrulur. […]
Pnevmoniyanın sovrulub sağalmasına mane olan səbəblər