Yapon alması becərən “qubalı Miçurin”in bağında bol məhsul yetişib

Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatında bol məhsul yetişdirib.

AzFood.az xəbər verir ki, bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar oktyabr ayında məhsul yığımına başlayacaq.
Bir hektar bağından hər il 25 tonadək məhsul əldə edən bağbanın müştəriləri də çoxdur. Yapon almasının qiyməti də yerli məhsuldan bahadır. Digər almaların kilosu bir manatdan aşağı olsa da, yapon almasının kiloqramı 1,5-2 manata satılır.

Bağban Ramiz Kərimov bildirib ki, 15 ilə yaxındır yapon alma sortları becərir. “Bu almaları almaq istəyən çoxdur. Çox dadlı, ətirli və şirəlidir. Soyuducu anbarda saxlanmadan da mart-aprel aylarınadək xarab olmur. Yapon alması dünyada ən bahalı almalardan sayılır. Bununla belə, müştəri sarıdan korluq çəkmirəm”, – deyə təcrübəli bağban söyləyib.

Ömrünün 50 ilindən çoxunu bağçılıqla məşğul olan Ramiz Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır.
2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub.

Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.
Qocaman bağban calaq vasitəsilə yeni alma sortları da əldə etməyə çalışır. Məhz bu xüsusiyyətlərinə görə də həmyerliləri Ramiz Kərimovu “qubalı Miçurin” deyə çağırırlar. Ona bağına qulluq etməkdə oğlu Alik kömək edir. Bağbanlar ağacların dərmanlanmasını traktorlardan istifadə etmədən yalnız çiləyicilər vasitəsilə həyata keçirirlər. Dərmanlama da yapon mütəxəssislərin təklif etdiyi xüsusi üsulla aparılır və kimyəvi preparatdan istifadə olunmur. Alma bağına yalnız üzvi gübrələr verilir.

Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Yaponiyalı mütəxəssislər də Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar.

Nurlan

Next Post

Uşaqlarda allergiya və ondan qorunma

Ç Sen 16 , 2020
Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin allergenlərə qarşı dözümlü olmaması nəticəsində zərər görməsidir. Allergiya toxunmaqla dərini, qoxu ilə gözləri, toz vasitəsilə burunu və bronxları zədələyir. Bu səbəbdən də, heç bir körpə uşağın allergiyaya tutulmamaq şansı yoxdur. Çünki texnologiyanın bu qədər yüksək inkişaf etdiyi, ekologiyanın bu qədər […]